Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qalağayın kəndində keçirilmişdir

19 mart 2024 | 12:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Sabirabad Olimpiya İdman Kompleksində Qalağayın kənd inzibati ərazi dairəsinə daxil olan Qalağayın və Balakənd kənd sakinləri ilə keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.

RİH başçısı Siraqəddin Cabbarov kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, bu gün xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun son çərşənbəsi - "İlaxır çərşənbə"si qeyd olunur. Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən İlaxır çərşənbəsi yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir. Rayon rəhbəri həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. 2023-cü ilin sentyabr ayında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.

RİH başçısı eyni zamanda ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermiş, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzulamışdır.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Güloğlan İslamov, Ramil Məhərrəmov, Humay Əliyeva və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər