Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Danışır və göstərir Şuşa” filmi nümayiş olunub

24 oktyabr 2025 | 16:25

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilmiş “Danışır və göstərir Şuşa” filmi Sabirabad rayon Heydər Əliyev Mərkəzinin “3D kinozal”ında təqdim edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Mil-Muğan Regional Mədəniyyət idarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və YAP Sabirabad rayon təşkilatının əməkdaşları, filmin rejissoru Murad Muradov, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov çıxış edərək filmin ərsəyə gəlməsi və nümayiş olunmasından dolayı öz minnətdarlığını bildirmiş, bu kimi filmlərin vətənpərvərlik ruhunun güclənməsində əhəmiyyətindən bəhs etmişlər. Daha sonra filmin rejissoru Murad Muradov çıxış edərək filmin bədii məzmunu haqqında ətraflı məlumat vermiş, filmin nümayişində göstərilən dəstəyə görə öz minnətdarlığını bildirmişdir.

Ekran əsərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti öz əksini tapıb. Şuşa Radio-Televiziya Yayım Stansiyası 1990-cı ildə yanvar hadisələri zamanı – Dövlət Televiziyasının enerji blokunun partladıldığı dövrdə yeganə televiziya informasiya mənbəyi kimi fəaliyyət göstərib. Filmin rejissoru Murad Muradov, ssenari müəllifləri Ramil Ələkbərov və Murad Muradov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.

Tamaşaçılar filmi böyük maraq və qürur hissi ilə izləyiblər.

Filmin nümayişində məqsəd Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq prosesini ictimaiyyətə çatdırmaqdır. Bu nümayişlər Vətən müharibəsindəki qələbəmizin 5 illiyinə həsr olunur.

Keçidlər