Sabirabad rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Sabirabad rayonunda “27 Sentyabr - Anım Günü”nün ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.
Anım tədbirinin iştirakçıları əvvəlcə Sabirabad Şəhidlər Xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən bəhs edib. Bildirilib ki, Vətən müharibəsində şəhidlərimizin göstərdiyi fədakarlıq və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların müqəddəs xatirəsi gələcək nəsillər üçün hər zaman örnək olacaqdır. Şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı və uzun ömür arzulanıb.
Daha sonra Anım Günü ilə əlaqədar rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul–Bəhrəmtəpə–Horadiz magistral avtomobil yolunun rayonun Müğan prospektindən keçən hissəsində keçirilən aksiya zamanı yol kənarında 450 zeytun ağacı əkilib. Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib.
Anım Günü ilə əlaqədar saat 12:00-da ölkənin bütün ərazisində olduğu kimi, Sabirabad rayonunda da Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad şəhəri “Şam Palace” restoranında 27 Sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilmişdir. Ehsan süfrəsinə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, dindarlar, ictimaiyyətin və gənclərin nümayəndələri dəvət olunmuşdur. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və ruhuna dualar oxunub.
Sonda şəhidlərimizin müqəddəs xatirəsi bir daha dərin ehtiramla yad olunub, onların qəhrəmanlıq və fədakarlığının gələcək nəsillər üçün əbədi örnək olduğu vurğulanıb.







