Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Peşə Liseyində tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə maarifləndirici görüş keçirilib

15 oktyabr 2025 | 14:25

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Sabirabad Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Sabirabad Gənclər Evi və Sabirabad Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Sabirabad Peşə Liseyində maarifləndirici görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, rayon Polis şöbəsinin Narkotiklə Mübarizə Qrupunun Əməliyyat müvəkkili, polis kapitanı Fərman Məmmədli, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Sabirabad Gənclər Evinin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı  yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.

Keçidlər