“Narkomaniyaya və erkən nikaha yox deyək” mövzularında Sabirabad rayonunun Ulacalı və Mürsəlli kənd məktəblərində maarifləndirici tədbirlər keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Böyükağa Ağayev adına Ulacalı və Yusif Qasımov adına Mürsəlli kənd tam orta ümumtəhsil məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov, Sabirabad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun nümayəndələri, rayon Polis şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlərdə çıxış edən rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb.
Erkən nikahların fəsadları barədə çıxış edən digər iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək məktəblilərə dəyərli tövsiyələr veriblər.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.