İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sentyabrın 29-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev Ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Şirvan filialının rəhbəri, Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 33 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığortanın tətbiqi, sığortaolunanlara göstərilən tibbi xidmətlər, dərman təminatı və tibbi avadanlıqlarla təchizat, əlillik məsələləri, iş və əmək münasibətləri, tibb müəsssisələrinin təmiri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.