Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Rayon İcra Hakimiyyətində “Əhalinin və ərazilərin təhlükəli hadisələrdən xəbərdar edilməsi, qorunması və qarşısının alınması məqsədi ilə fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbrdə FHN-in Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə seminar-müşavirənin əhəmiyyətindən danışılıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edilib.
Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.
Seminar-müşavirədə, həmçinin FHN-in regionda fəaliyyət göstərən qurumları ilə enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının icra vəziyyəti təhlil edilib.
Sonra müvafiq idarə və müəssisə rəhbərlərinin, bələdiyyələrin keçirilən tədbirlə bağlı təklifləri dinlənilib, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması istiqamətində geniş müzakirə aparılıb.