Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Sabirabad rayonunda “Korrupsiya ilə mübarizədə Heydər Əliyevin siyasi irsi” adlı regional konfrans keçirilib

18 aprel 2023 | 15:15

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində Baş Prokurorluq tərəfindən “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Tədbir çərçivəsində, həmçinin, iştirakçılar Sabirabad rayon Heydər Əliyev Mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.

Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verib.

Konfrans zamanı çıxış edən Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin qəti siyasi iradəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə etmiş, tutduğu mövqedən və vəzifədən, maddi və digər imkanlarından, asılı olmayaraq ümummilli mənafelərə sadiqliyin, bu mənafelərin qorunmasının Ulu Öndər Heydər Əliyev üçün hər zaman başlıca prinsiplərdən biri olduğunu vurğulayıb.

Həmçinin konfransda Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov, rayon məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib. 

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotoşəkli çəkilib.

Keçidlər