Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondu Sabirabad rayonunda fermerlərdə görüş keçirmişdir

06 dekabr 2023 | 16:15

Aqrar Sığorta Fondu əkin sahələri və heyvnadarlıq təsərrüfatlarının sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Bu məqsədlə dekabrın 6-da Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Aqrar Sığorta Fondu və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta» mövzusunda tədbir və fermerlərlə görüş keçirilib.

Tədbirdə ölkənin əsas kənd təsərrüfatı rayonlarından olan Sabirabad rayonunda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak edib.

Görüşdə Sabirabad rayonunda rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri açıqlanıb.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənrov Sabirabadda aqrar sahənin inkişaf etdiyini, böyük həcmdə suvarılan əkin sahələrinin, taxıl və pambıq əkinlərinin, eləcə də çoxsaylı heyvandarlıq təsərrüfatlarının olduğunu qeyd edib. Həsən Həsənov bildirib ki, fermer və sahibkarlar əkin sahələrini qorumalı, bunun üçün dövlətin olduqca əlverişli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə sahələrini sığorta etməlidirlər.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov xatırladıb ki, aqrar sığorta dövlətin fermerlərə mühüm dəstək mexanizmidir və aqrar sığorta haqqının 50%-ni də fermerlərə dəstək üçün dövlət özü ödəyir. Onun sözlərinə görə, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb və Aqrar Sığorta Fondu bununla bağlı ödənişlərə başlayıb.

Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov rayonda aqrar sığortanın tətbiqi və ondan istifadə ilə bağlı təkliflərini bildirib.

Qeyd edək ki, Sabirabad rayonu ölkədə pambıq əkinlərinin geniş yayıldığı bölgələrdəndir. Bu əkinlərə əsasən əlverişsiz hava şəraiti, o cümlədən yağışlar nəticəsində zərər dəyir.

Müzakirələr zamanı fermerlər pambıq əkinlərinə dəyən zərər, onun ödənişi, gələcəkdə pambıq sahələrini daha geniş risklərdən sığorta olunması ilə bağlı çoxsaylı suallar ünvanlayıb, təkliflərini bölüşüblər.

Keçidlər