Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illik yubileyi münasibətilə Sabirabad rayonunda tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad Rayon Təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Həsən Hüseynov və tibb işçiləri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keşmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxışı zamanı bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkədə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar.
Sabirabad rayon səhiyyəsinin məsul şəxsləri məruzələrində Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.
Sonda akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolundan və Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.