Gənclər və İdman Naziri Sabirabadda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşrrığına əsasən vətəndaşlara nümunəvi xidmət göstərilməsi, onların qəbulu və müraciətlərinə diqqətlə yanaşılması dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Yanvarın 28-də Gənclər və İdman naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonların və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir. Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında baş tutan qəbulda 40 nəfərə yaxın vətəndaş iştirak etmişdir.
20-dən artıq müraciət Olimpiya İdman Kompleksinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının avadanlıqlarla təchiz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olmuşdur. Qəbulda həmçinin Gənclər Mərkəzinin təmiri, ipoteka, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökümət təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət də etdilmişdir.
Bəzi məsələlər yerindəcə həll edilmiş, araşdırılması tələb olunan məsələlər isə nəzarətə götürülmüşdür.