Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

20 aprel 2022 | 16:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Sabirabad rayon Heydər Əliyev Mərkəzində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad RİHB-nin müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştrakçıları Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra çıxışlar zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

İnformasiya əldə etmək hüququ haqqında edilən təqdimatda informasiya əldə etmək azadlığı, informasiya sahiblərinin vəzifələri və informasiya sorğusu edən şəxslərin hüquqları, qanunda göstərilmiş digər məsələlərlə bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Yekunda tədbir iştirakçılarına İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən nəşr edilmiş “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.

Keçidlər