Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda fermerlərlə görüş keçirmişdir
Sabirabad rayonunun Kürkəndi kəndində fermer Xalıq Zülfüqarovun 10 hektarlıq sahəsində çiyid səpini həyata keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, pambıq şirkətlərinin rəhbərləri, Sabirabad rayonunun pambıqçı fermerləri iştirak ediblər.
2022-ci ildə Sabirabad rayonunda 11 min hektardan artıq sahədə pambıq əkini proqnozlaşdırılır. Artıq arat olunmuş sahələrdə çiyid səpini başlayıb. Ötən il pambıq qəbulu məntəqələrinə 27 min tondan artıq məhsul təhvil verən sabirabadlı fermerlər bu il daha yüksək məhsuldarlıq əldə etməyə hazırlaşırlar. Səpinə hazırlıq dövründə sahələr arat olunub, lazer mala ilə hamarlama işləri aparılıb, keyfiyyətli toxum və gübrə təminatı həyata keçirilib.
Açıq sahədə pambıqçı fermerlərlə görüşdə toxum seçimi, texnika ilə təminat, əkin sahələrinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi, pambıqçılıqda tam məhsul subsidiyasına keçidin fermerlərə verdiyi üstünlüklər və digər mövzular ətrafında müzakirələr aparılıb. Fermerlərin təklifləri qeydə alınıb, müraciətin icrası üçün tapşırıqlar verilib.
Nazir İnam Kərimov Sabirabad rayonuna səfəri çərçivəsində Nizami kəndində fəaliyyət göstərən istixanaya, Yastıqobu kəndində taxıl sahələrinə, Bulaqlı kəndində arıçılıq təsərrüfatına baxış keçirib, fermerlərlə qapalı şəraitdə tərəvəz məhsullarının istehsalı, taxıl sahələrində aqrotexniki qulluq tədbirləri, arıçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.