Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Vətən müharibəsi şəhidləri Bəxtiyar Mayılov və Firavan Əsgərovun əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

12 aprel 2022 | 16:00

Sabirabad şəhər Uşaq gənclər idman və şahmat məktəbində Sabirabad rayon icra hakimiyyətinin və Sabirabad rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Bəxtiyar Mayılov və Firavan Əsgərovun əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış mərasimini açıq elan edən Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, şəhidlərimizin xatirəsini yaşadmaq və onları gələcək nəsillərə təbliğ etmək hər birimizin işi olduğunu qeyd etmişdir.

Sonra Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Vətən Müharibəsində qazandığımız qələbədən, əsgərlərimizin şücaətindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və düzgün qərarları sayəsinə 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimizin, qazilərimizin və bütünlükdə ordumuzun döyüş əzmi, qəhrəmanlığı qarşısında düşmən duruş gətirə bilmədiyini, ağ bayraq qaldıraraq kapiltulyasiya aktına imza atdığını deyən H.Həsənov qeyd edib ki, bununla da Azərbaycan xalqı bütün dünyada müzəffər xalq kimi tanındı. Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Sabirabad rayonunda görülən işlərdən ətraflı danışan H.Həsənov deyib ki, bu tədbirin də əsas məqsədi şəhidlərimizin əziz xatirəsini uca tutmaqdır.

Daha sonra şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov, şəhid Firavan Əsgərovun atası Xanbala Əsgərov çıxış edərək şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün həyata keçirilən tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirərək turnir iştirakçılarına uğurlar arzulayıblar.

Şahmat turnirinin qalibləri və fəal iştirakçılar medal və diplomlarla təltif edilmişlər.

Turnirin sonunda şəhid ataları İxtiyar Mayılov və Xanbala Əsgərova turnirin xatirə lövhəsi təqdim olunmuşdur.

Keçidlər