Novruz yurdumuza xeyir-bərəkəti ilə qədəm qoyur
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm tərkib hissəsini özündə ehtiva edən bayramdır. Qərinələr əvvəl olduğu kimi, indi də Novruz Azərbaycanda, Türkiyədə (daha çox şərqi Anadolu bölgəsində) və Orta Asiya dövlətlərində bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında xalq mərasimləri dayanır. Bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi, yeniləşmə gününün ilk başlanğıcı şəms (günəş) təqviminin ilk ayının ilk gününə təsadüf edir. Novruz yeni ilin ilk günüdür və farsca da yeni gün deməkdir.
Alimlərin fikrincə, Novruzun tarixi çox qədimdir. Elmi araşdırmalara görə, Novruz bayramının başlanması qədim dövrlərə - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Bir sıra tədqiqatlarda isə Novruzla Zərdüştlüyün oxşar və fərqli cəhətləri müqayisə olunur. Həmin tədqiqatçılar isə belə qənaətə gəliblər ki, Novruzun tarixi Zərdüştlükdən çox qədimdir. Çünki günəşin müqəddəs sayılması odun müqəddəs hesab edilməsindən əvvəldir. Alimlər bayramın yaşını 3700-5000 il müəyyən edirlər. Eyni zamanda, bəzi araşdırmalarda türklərdə odun təmizləyici funksiyasının, atəşpərəstlikdəki müqəddəslikdən fərqli olduğu fikri irəli sürülür. Məsələn, biz tonqalın üzərindən atlanarkən “ağırlığım, uğurluğum, azarım-bezarım odlara” və s. bu kimi ifadələr səsləndiririk ki, bunlar odun müqəddəs hesab olunması anlayışı ilə qətiyyən uzlaşmır. Bu da tədqiqatçılara imkan verir ki, türklərdə odun müqəddəs deyil, təmizləyici, arındırıcı olduğu qənaətinə gəlsinlər.
Qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda Novruzla bağlı məlumatlara rast gəlinir. Amma Novruzun araşdırılması XIX əsrdən başlanır. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye”, Mahmud Kaşğari “Divanü luğat-it- Türk”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və başqa əsərlərdə rast gəlinir. Bu əsərlərdə təkcə Novruzun təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də onunla bağlı mərasimlər, sınamalar və rituallar haqında ətraflı məlumat verilir. Məsələn, Biruni məlumat verir ki, əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum (şam) yandırsan bütün xəstəliklərdən xilas olarsan. Digər inanc isə belədir: “Hər kim səhər ibadətdən əvvəl bir az şəkər yesə və özünü zeytun yağı ilə yağlasa bütün il ərzində ona heç bir xəstəlik dəyməz”. Ömər Xəyyamın məlumatına görə, Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanarmış.
İldən-ilə müasirləşən ölkəmizin hər bölgəsində bu gün də Novruzun bütün atributları, inancları, adət-ənənələri saxlanılıb. Xatırlatmaq yerinə düşərdi ki, bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Xüsusilə Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib bayramlaşmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruzda bayram masasının mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsulun - səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə olması vacib şərtdir. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunur, təlxəklərin və kəndirbazların çıxışları olur.
Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilib.
Bu gün Azərbaycan xalqı Novruzu ikiqat sevinc və qürurla qeyd edir. Çünki artıq Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycanın Novruz tonqalları Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, əzmi, Silahlı Qüvvələrimizin peşəkarlığı, qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş yurd yerlərimizdə alovlanır. Artıq iki ildir ki, işğaldan azad edilən torpaqlarımızda bahar nəğmələri oxuyub, hər otun, çiçəyin qoxusunu ciyərlərimizə çəkə bilirik.
Bahar bayramınız mübarək!