Sabirabad rayonunda Novruz bayramı münasibətilə “Xonça” festivalı keçirilmişdir
15 mart 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə “Xonça” festivalı keçirilmişdir. Festival Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Sabirabad rayonunda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının rəhbər və əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aparıcılar “Xonça” festivalı haqqında məlumat verdikdən sonra Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin, Sabirabad rayon Peşə Liseyinin, həmçinin rayonun bir sıra orta ümumtəhsil məktəblərinin şagird və tələbələri tərəfindən hazırlanmış bayram xonçaları təqdim olunmuşdur.
Daha sonra Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, başda şəhid ailələri olmaqla, rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik etmişdir.
Tədbir Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsi tərəfindən hazırlanmış hədiyyələr şəhid övladlarına təqdim olunmuşdur.
Sonda “Xonça” festivalının iştirakçılarına Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və idman idarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.