Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Həşimxanlı kəndində bir qrup şəhid ailələri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mart ayından əhali ilə yerlərdə RİH başçılarının səyyar qəbullarının keçirilməsinə başlanılmışdır. Həşimxanlı kəndində keçirilən səyyar qəbuldan sonra Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və RİHB aparatının məsul işçilərinin iştirakı ilə Həşimxanlı kəndinə yaxın ərazisində yaşayan bir qrup şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb. Görüş zamanı çıxış edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Xalqımızın bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdiyini, cənab Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən S.Cabbarov ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Şəhid ailələri igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. Onlar ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri daha sonra şəhid ailələrinin müraciətləri ilə maraqlanıb. Səslənən müraciətlər arasında şəhid Nurullayev Anar Siyavuş oğlunun atası Nurallayev Siyavuş Mehbulla oğluna icarə əsasında verilmiş torpaq sahəsinin adına rəsmiləşdirilməsi, şəhid Ağayev Aqşin Şirvan oğlunun ailə üzvlərinə verilmiş torpaq sahəsinin sənədləşməsi, şəhidin, xidmət pulunun ödənilməməsinə köməklik göstərilməsi və bir sıra digər məsələlər yer alıb. Müraciətlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilmişdir.