Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sabirabad rayonunda da dərin kədər hissi ilə yad edilmişdir

25 fevral 2022 | 16:00

Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Sabirabad rayon Bayraq Muzeyində təşkil olunan tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

İştirakçılar ilk öncə erməni cinayətkarlarının Xocalıda törətdiyi qətliamı özündə əks etdirən fotoşəkillərdən, kitablardan, dövri mətbuat materiallarından ibarət olan sərgiyə baxış keçirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının və Vətənimizin azadlığı, müstəqilliyi, suverinliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Siraqəddin Cabbarov Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, erməni cəlladlarının törətdikləri vəhşilikləri pisləmişdir. Qeyd etmişdir ki, Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının yaxından köməyi, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı ilə köməksiz insanlara qəflətən hücum etmişlər. Bu soyqırım nəticəsində həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmuşlar. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüşdür. Həmin adamlardan 150-sinin taleyi hələ də məlum deyil. Təəssüf ki, tarixin ən dəhşətli bir qırğınının baş verdiyi dövrdə Azərbaycanda hakimiyyətdəki rəhbərlər, eləcə də müxalifətçi qüvvələr bu faciəyə lazımi münasibət bildirməmişlər. Hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik, xalqın taleyinə biganəlik göstərmiş, onların köməyinə yetməmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamışlar.

Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaq yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün olmuşdur. Azərbaycanın həm daxili, həm də xarici siyasətində, diplomatik münasibətlərin qurulmasında Xocalı soyqırımına munasibət mühüm yer tutmuşdur. Ulu öndərin müəyyən etdiyi bu xətt artıq beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri, xüsusilə «Xocalıya ədalət!» beynəlxalq kampaniyasının uğurları barədə geniş danışmaq olar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən «Xocalıya ədalət!» kampaniyası hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Görülən məqsədyönlü tədbirlər sayəsində dünyanın on ölkəsinin parlamenti bu qətliamı «Xocalı soyqırımı» kimi qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfərlər hər birimizdə böyük qürur və fəxarət hissi yaratdı. Azərbaycan Ordusu cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan “iti qovan kimi” qovaraq məğlub etməsi xalqımızda böyük sevinc və ruh yüksəkliyinin yaranmasına səbəb oldu. 27 illik həsrətə son qoyuldu. Əzəli torpaqlarımız düşmən işğalından azad edildi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi. Azərbaycanın tarixi qələbəsi bütün münaqişələrin həll olunmasına nümunə olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açaraq Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı.

Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur.

Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik!

Keçidlər