Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olundu
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və YAP Sabirabad rayon təşkilatına yeni sədr təyin olunan Varis Rüstəmov rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər.
Keçirilən görüşdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycanın siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyasının ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildiyini vurğulayıb. Siraqəddin Cabbarov Varis Rüstəmovu YAP Sabirabad rayon təşkilatının sədri təyin olunması münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə, partiyanın çoxsaylı üzvlərinə və rayon rəhbərliyinə təşəkkür edərək ona göstərilən etimadı doğruldacağına söz verib və partiyanın nüfuzunun daha da artırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də Varis Rüstəmova YAP Sabirabad rayon təşkilatının sədri təyin olunması münasibətilə təbriklərini çatdıraraq bu şərəfli və məsuliyyətli yolda ona uğurlar arzulayıblar.