Qaz Quruzma və Qaraqaşlıya istilik gətirdi
Quruzma inzibati ərazi nümayəndəliyi rayonun ən böyük ərazilərindən biridir. 5 kəndi birləşdirən nümayəndəlikdə 11 min nəfər əhali yaşayır. Dekabrın 21-də nümayəndəliyin 2 kəndinə-Quruzma və Qaraqaşlı kəndlərinə qaz verilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qazın verilişi münasibətilə kənd sakinlərini rayon rəhbərliyi adından təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Mərasimdə çıxış edən «Azəriqaz» İstehsalat Birliyi Tikinti Departamentinin rəhbəri Fuad Şükürov da kənd sakinlərini təbrik etmişdir.
Millət vəkili Ceyhun Osmanlı çıxış edərək qazın açılışı münasibətilə kənd sakinlərinə xoş arzularını çatdırmışdır. O, eyni zamanda bildirmişdir ki, Azərbaycanda qaz problemi total şəkildə həll olunacaqdır. Xalqın və dövlətin birliyi problemlərin öhdəsindən gəlməyə asanlıqla imkan verir.
Mərasimdə kənd ağsaqqalı Hacı Mirəziz Talıbov, Quruzma kənd sakini Ceyran Heybətova, Qaraqaşlı kənd tam orta məktəbinin müəllimi Ələmdar İbrahimov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, qaz çəkilişini aparan Təmir-Tikinti İstehsal MMC-nin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
Kənd ağsaqqallarının xeyir-duası ilə qaz məşəli alovlandırılmışdır.