Sabirabad rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərində bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan abituryentlərlə görüş keçirilib.
Tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova, rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişdir.
Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 15 sentyabr bilik günü münasibətilə uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara növbəti fəaliyyətlərində uğurlar arzu edib. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən respublikanın hər bir bölgəsində olduğu kimi Sabirabad rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərilir.
Ümumilikdə Sabirabad rayonu üzrə ümumtəhsil məktəblərindən 1122 nəfər şagird məzun olub 356 şagird qəbul imtahanlarında müvəffəqiyyət qazanıb, onlardan 44 nəfəri 500-dən yüksək, 6 nəfəri isə 600-dən yüksək bal toplayıblar.
600-dən yüksək bal toplamış 6 abituryent Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.