Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın regional turu keçirilmişdir

10 sentyabr 2021 | 16:00

Sabirabad şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın II regional turu keçirilmişdir.

Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova və Nefçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Füzuli bölgələrini əhatə edən gənclər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşdurlar.

Daha sonra festival iştirakçılarını salamlayan YAP Sabirabad rayon təşkilatının sədri  Məleykə Həsənova dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, paytaxt və bölgələrdə bununla bağlı silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılır.

Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xüsusi qeyd edən M.Həsənova vurğulayıb ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi də bunun bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açıq havada keçirilən intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.

B.İslamov, eyni zamanda, bu səpkili tədbirlərin Azərbaycan gəncliyinin tariximiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz barədə zəngin biliklər əldə etmələri üçün əhəmiyyətindən danışıb.

Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmalara start verilib.

Keçidlər