22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur
Azərbaycanın milli mətbuat tarixi Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də dərc olunan tarixdən götürülür. Həmin qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır.
Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar.
1920-ci ilin 28 aprelində Azərbaycan Cumhuriyyəti devrildikdən sonra, sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunmuşdur. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycanda mətbuatın davamlı inkişafı təmin olunduğuna görə, hazırda ölkədə 5 mindən çox media subyekti vardır. Artıq müasir dövrdə mövcud olan informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib və yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan vermiş, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərmişdir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmiş və Mətbuat Şurası üçün yeni binanın ayrılmışdır.
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Çünki həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.