Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dünyası Müqəddəs Qurban bayramını qeyd edir

20 iyul 2021 | 16:00

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan etmişdir.

İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.

Keçidlər