Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu

14 iyul 2021 | 16:00

Heydər Əlirza oğlu Əliyev. Bu ad, bu soyad müasir, çağdaş Azərbaycanın tarixinə qızıl hərflərlə və əbədi həkk olunmuş bir isim, bir soyaddır. Azərbaycanın son 52 illik tarixi bütövlükdə bu dahi şəxsiyyətin adı ilə bağlıdır. 1969-cu ilin iyulun 14-dən Azərbaycan xalqı Heydər Əliyev nuru, işığı altında irəliləyir, yolumuza işıq, nur saçan, mayak olan Ulu Öndərimizdir.

1969-cu ilin tarixi 14 iyul günündə Azərbaycan xalqı böyük və unudulmaz bir hadisə yaşadı. Həmin gün ulu öndər Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi, Sovet İttifaqının tərkibində olan Azərbaycana rəhbərlik etməyə başladı. Hakimiyyətə gəlişi ilə Ulu Öndər bütün sahələrdə geridə qalan, tənəzzül dövrünü yaşayan, rüşvət girdabında çabalayan Azərbaycanı qısa zaman kəsiyində keçmiş İttifaqın ən qabaqcıl respublikalarından, sənaye mərkəzlərindən birinə çevirdi, ölkəmizdə rüşvəxtorluğa qarşı əsl mübarizə başlatdı və onu bu bataqlıqdan xilas etdi.

Ümummilli lider Heydər Əliyevin işgüzarlığı, təşkilatçılıq bacarığı, yüksək idarəçilik qabiliyyəti Azərbaycanı dirçəltdi, ayağa qaldırdı. 1970-ci illərin əvvəllərinədək barmaqla sayılacaq qədər olan azərbaycanlı Sosialist Əməyi qəhrəmanlarının, SSRİ Xalq artistlərinin sayı məhz Ulu Öndərin Azərbaycan zəhmətkeşinə, ziyalısına verdiyi yüksək qiymət sayəsində artdı, bütün yüksək tribunalardan Azərbaycan insanının, azərbaycanlıların səsi gəldi. SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı minləri ötdü, etimad göstərilənlərin böyük əksəriyyəti əsl kadr kimi yetişərək Vətənə döndü və el-obasının rifahı üçün çalışdı.

Ulu öndər Heydər Əliyev yüksək idarəçilik və təşkilatçılıq bacarığı, xarizması, müdrikliyi sayəsində keçmiş SSRİ-nin rəhbərliyinə yüksəldi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işlədiyi 1982-1987-ci illərdə Ulu Öndər böyük dövlət xadimi kimi özünü doğrultdu, SSRİ rəhbərliyindəki siyasi elitanın ən hörmətli, ən layiqli şəxsiyyətlərindən biri kimi özünü təsdiqlədi. Bu keyfiyyətləri, bu üstünlüyü də onun düşmənlərinin sayını çoxaltdı, xüsusilə Kremldəki ermənilər və onların himayədarları tərəfindən Ulu Öndərə qarşı kampaniya başladıldı, bu məsələdə də ən böyük dəstəkçi əli Azərbaycan xalqının qanına batmış bədnam Mixail Qorbaçov oldu.

Ermənilər və onlara dəstək verənlər bədnam Qorbaçovun əli ilə Heydər Əliyevin istefasına nail oldular və bundan sonra istər Moskvada, istərsə də Azərbaycanda Ulu Öndərə qarşı təqiblər, hücumlar başlandı. Təəssüf ki, bu “siyasət” sonrakı illərdə (1990-1993-cü illərdə) də davam etdirildi. Lakin bütün təqiblər, bu hücumlar Azərbaycan xalqında Heydər Əliyev şəxsiyyətinə olan sevgini nəinki azaltdı, əksinə, daha da artırdı. Eyni zamanda, bu böyük şəxsiyyətə qarşı çirkin kampaniya aparanlara qarşı nifrəti, qəzəbi birəbeş artırdı.

Azərbaycan xalqı özü üçün bir daha birmənalı şəkildə yəqin etdi ki, onun, bütövlükdə Azərbaycanın tək xilaskarı Heydər Əliyevdir.

1993-cü ilin məlum iyun hadisələri zamanı ovaxtkı hakimiyyətin yalvarışları, eləcə də Azərbaycan xalqının təkidli tələbləri nəticəsində Ulu Öndər yenidən hakimiyyətə - əvvəlcə Ali Sovetin Sədri vəzifəsinə gətirildi, iyunun 24-dən isə ölkə Prezidentinin səlahiyyətlərinin icrasına başladı. Beləliklə, dağılmaq, parçalanmaq, ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan Heydər Əliyevin iradəsi, qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində qısa zamanda bu təhlükələrdən, bu bəlalardan qurtuldu, tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi - ikinci hakimiyyəti dövründə ölkəmiz dünyanın sayılıb-seçilən, sözü, rəyi ilə hesablaşılan dövlətlərindən birinə çevrildi, imzasını imzalar içində tanıtdırdı.

Bugünkü çağdaş, inkişaf edən, qalib Azərbaycan və onun qalib, Müzəffər Lideri, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsərləridir. Allah Ulu Öndərə qəni-qəni rəhmət etsin, onun şah əsərləri olan müstəqil Azərbaycanı və qalib Lider İlham Əliyevi qorusun!

Keçidlər