Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə və əlillərinə Azərbaycan Respublikasının orden və medallarının təqdimatı mərasimi keçirilmişdir

26 iyun 2021 | 16:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunmuş şəhid və müharibə iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH başçısının müavinləri və aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Giriş sözü ilə mərasimi açıq elan edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Ölkə rəhbəri İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və Ali Baş Komandanın rəhbərliyi ilə igid Vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət sayəsində 30 illik həsrətə son qoyuldu. Şəhidlərimizin döyüş yoluna nəzər salan Siraqəddin Cabbarov onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirmişdir. Qeyd etmişdir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirmişdir.

Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan icra başçısı Azərbaycan Ordusunun yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirmişdir ki, bu gün Ümumilli Liderimizin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, bir gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla Fizulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıq nümayiş etdirmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin İcra başçısı çıxışında vurğulamışdır ki, şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Vüqar Mirzəyev çıxış edərək qeyd etdi ki, bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin borcudur.

Çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və veteranlara orden və medallar təqdim edilmişdir.

Keçidlər