Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili tamam olur
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 22 may tarixli Fərman ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu baxımdan, ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovetlər dövründə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başlamış və qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, Ermənistanı diz çökdürdü. Bu gün xalqımızın böyük qürurla ziyarət etdiyi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının istər Zəfər Paradında, istərsə də Hərbi Qənimətlər Parkında nümayişi işğalçı dövlətin illərdir yaratdığı “yenilməz erməni ordusu” mifinin dağıldığının nümayişidir.
Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır. Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli Lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!