Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda görüş keçirilib

17 iyun 2021 | 16:00

Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla görüş keçirilib.

Görüşdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB-nin məsul şəxsləri, 3 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin nümayəndələri, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və yerli bələdiyyə sədrləri iştirak edib.

Keçirilən görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr zamanı rayon ərazisində formalaşan məişət tullantılarının qanunamüvafiq idarə olunması, bələdiyyələr tərəfindən bu sahədə təbliğat tədbirlərinin aparılmasının vacibliyi, tullantıların ətraf mühitə atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə ödəmələrin tətbiqi məsələləri bələdiyyə nümayəndələrinin nəzərinə çatdırılıb.

Aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda ərazi nümayəndələrini və bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Keçidlər