Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 5 kəndi əhatə edən 20 kilometrlik yeni asfalt yol istifadəyə verilmişdir

30 noyabr 2013 | 16:00

Bu günlər Sabirabad xoş əhval-ruhiyyə içərisindədir. Bölgənin əhalisi yeni 2014-cü ili yüksək nailiyyətlərlə qarşılayır. Dövlət başçısının diqqət və qayğısı sayəsində burada böyük tikinti-quruculuq işləri aparılıb. Elektrik və qaz təsərrüfatının, su və kanalizasiya sisteminin yenidən qurulması sahəsində əsaslı işlər görülüb, bu gün də yeni layihələrin icrasına start verilib. 
Bu işlərin davamı olaraq noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 12 iyul 2013-cü tarixli Sərəncamına uyğun olaraq 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışı olub. Bununla əlaqədar həmin yolun Moranlı və Əliləmbəyli  kəndlərindən keçən hissəsində düzənlənən tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açdı və Moranlı, Sarxanbəyli, Balahəşimxanlı, Əliləmbəyli və Çöl Ağammədli   yaşayış məntəqəsini əhatə edən yüksək standartlara cavab verən asfalt yolun  həyati əhəmiyyətindən danışdı və ölkə Prezidenti cənab İlham Əliyevə diqqət və qayğısına görə minnətdarlığını ifadə etdi.
Çıxış edən kənd ağsaqqalları Hacı Dilavər Əsədov, Ərəstun Ağayev, Niyaz Cəfərov, kənd ziyalılarından Fərəməz Çaxalov, Novruz İsmiyev və başqaları uzun illər həsrətində olduqları, həsəd aparılacaq rahat yola görə camaata gözaydınlığı verdilər, onlar dönə-dönə Azərbaycan Prezidentinə razılıqlarını, hörmət və ehtiramlarını bildirdilər. Sarxanbəyli kənd ağsaqqalı Ərəstun Ağayevin səsləndirdiyi «Keçmiş Sovetlər İttifaqının ən imkanlı vaxtında belə mümkün olmayanı bizim Prezidentimiz həyata keçirdi» kəlməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Onun Prezidentimizə rəgmən dediyi «Siz bizim üçün ucadan uca, vüqarlı, cəsarətli, qətiyyətli bir şəxsiyyət, həm də bütün dünyada deyən dilimiz, düşünən beynimizsiniz. Sizə bu xoş gündə möhkəm can sağlığı, hər kəsə örnək ola biləcək ailənizə xoşbəxtlik arzulayırıq» sözləri «Eşq olsun Prezidentimizə» nidaları ilə tamamlandı.
Sonda yeni asfalt yolun rəmzi açılışını bildirən lent kəsildi. Avtomobillərin hərəkəti başlandı.
Mərasimdə ölkə Prezidentinə yekdilliklə müraciət qəbul olundu. Müraciətdə deyilir: --Sevincimizin həddi hüdudu yoxdur. Ucqar kəndlərə də göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dönə-dönə minnətdarlığımızı bildiririk. Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq. Qürurlanırıq ki, dövlətimizin Sizin kimi humanist, xalqının qeydinə qalan Prezidenti vardır.

Keçidlər