Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Quruzma kəndində şəhid ailələri, Vətən Müharibəsi qaziləri və bir qrup kənd sakinləri ilə görüşüb
04 may 2021-ci il tarixdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİHB aparatının məsul işçilərinin iştirakı ilə Quruzma kənd inzibati ərazi dairəsini əhatə edən 5 kəndin bir qrup sakinləri, şəhid ailələri və Vətən Müharibəsi qaziləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Əvvəlcə şəhid Həsənov Həsən Səfər oğlunun atası Səfər Həsənov ilə görüşən RİH başçısı bildirib ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi və şəhidlərimizin, qazilərimizin və bütün hərbçilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Xalqımızın bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdiyini, cənab Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən S.Cabbarov ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Şəhid ailələri igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. Onlar ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Rayon rəhbəri daha sonra bir qrup kənd sakinlərinin müraciətlərini dinləyib. Səslənən müraciətlər arasında Qəzli kənd sakinləri Məmmədov Rafiq Məhəmməd oğlu, Rüstəmov Dadaş Əliheydər oğlu örüş torpaqlarının icarədarlardan geri alınaraq kənd sakinlərinin ümumi istifadəsinə verilməsi, Vətən Müharibəsi qaziləri Mirzəyev İrzəxan Tərlan oğlu, Əliyev Şamil Nazim oğlunun torpaq sahəsi ilə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb, digər məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilmişdir.