Sabirabad rayonu icra hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib
Karantin qaydalarına riayət etməklə Sabirabad rayonu icra hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov öncə tədbir iştirakçılarını salamlayıb.
Sonra rayon icra hakimiyyətinin başçısı iclasın koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və tapşırıqlarına uyğun olaraq məhdud çərçivədə keçirildiyini, yalnız aidiyyəti üzrə məsul işçilərin iştirak etdiyini bildirib. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən atılan addımlar, verilən müdrik qərarlar sayəsində xalqımız bu bəladan az itkilərlə xilas olmağı bacarıb. İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində qazandığı Qələbənin hər bir vətəndaşımızda qürur hissi doğurduğunu söyləyib. Torpaq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Şura iclasının gündəliyini elan edib. İclasda müzakirəyə çıxarılan “2021-ci ildə rayonda pambıq əkininə hazırlıq işlərinin gedişi barədə”, “2021-ci ildə rayonda baramaçılıq sahəsində görülən işlərin gedişi barədə”, “Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı 2020-ci il və 2021-ci ilin birinci rübü ərzində Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin və rayonun Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən görülmüş işlər, vaksinasiya tədbirlərinin həyata keçirilməsinin vəziyyəti barədə”, “Əsədli kənd sakini Qasımov Musa Fəxrəddin oğlu barəsində rayon Prokurorluğunda aparılan araşdırma materialları üzrə vətəndaşın hərbi qeydiyyata alınmasına və müddətli həqiqi hərbi xidmət keçməməsinə imkan yaradan halların aradan qaldırılması barədə Sabirabad rayon Prokurorluğunun 19 mart 2021-ci il tarixli 27-c-21 nömrəli təqdimatı haqqında” , “Rayon ərazisində aparılmış qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı görülmüş tədbirlərin vəziyyəti barədə” məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin məsul işçiləri geniş məruzə ediblər.
Daha sonra Şuraya çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Siraqəddin Cabbarov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.