Sabirabadda Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının binasında rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə partiyanın yaradıcısı və qurucusu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Tədbirdə YAP rayon təşkilatının sədri Nadir Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rol oynayan Yeni Azərbaycan Partiyasının təsis olunmasından 21 il ötür. Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan YAP ötən 21 ildə şərəfli bir tarix yazmışdır. YAP yaranandan sonra ilk dəstəkləyənlərin sırasında Sabirabad rayon ziyalıları da olub. Həmin dövrdə onlar təqib və təzyiqlərdən çəkinməyərək YAP rayon təşkilatının yaradılması üçün əllərindən gələni əsirgəməmişlər. Belə insanların səyi ilə 1993-cü ilin yanvarında təsis konfransı keçirilərək YAP-ın rayon təşkilatı yaradılmışdır. Hazırda rayon təşkilatı sağlam düşüncəli, möhkəm əgidəli, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyən 7500 nəfərə yaxın partiya üzvünü öz ətrafında birləşdirir.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü cənab Nazim İsmayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək və xalqın o vaxtkı ağır günündə taleyüklü məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiya olduğunu bildirmiş, YAP-ın 21-ci ildönümü münasibəti ilə təbdir iştirakçılarını təbrik etmişdir. Sonda YAP-a qəbul olunmuş yeni üzvlərə partiya bileti verilmiş, bir qrup partiya üzvü isə fəxri fərman ilə təltif olunmuşdur.