Sabirabadda Dövlət Bayrağı Günü qeyd edilmişdir.
Noyabrın 8-də Sabirabad şəhərindəki Dövlət Bayrağı Meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə şəhərin mərkəzində ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq bildirmişdir ki, Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Bayrağı kimi təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında» qanun qəbul edərək onu dövlət bayrağı elan etmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılması haqqında» 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri arasında xüsusi yerini müəyyən etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Bayraq Meydanının Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə istirahət parkının təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayraqlarındandır. Sabirabad şəhərində də Bayraq Meydanı yaradılmışdır. Bayrağın dirəyinin hündürlüyü 92 metr, eni 15 metr, uzunluğu 30 metr, çəkisi 18 kq olmaqla regionda ən hündür bayraqdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.