Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə bizimdir!!! Qarabağ Azərbaycandır!!!

10 noyabr 2020 | 16:00

Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa əlacı olmadı.

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatla Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan ordusunun qələbə qazanması münasibətilə gecə saatlarında xalqa müraciətini bütün Azərbaycan xalqı və dünya Azərbaycanlıları coşqu və fərəh hissi ilə qarşıladı. Respublikamızın bütün regionlarında olduğu kimi rayonumuzda da böyükdən kiçiyə hər kəs küçələrə axışdı. Sabirabad şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin abidəsi önündən başlayaraq bütün küçə və məhəllələrə toplaşaraq sevinc və qürur hisslərini paylaşırlar. Hər kəs əlində və ya çiynində milli bayrağımızla  izdihama qoşularaq “Yaşasın Ali Baş Komandan!”, “Eşq olsun Azərbaycan ordusuna!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər. İnsanlar bir-birini təbrik edir, sevinc göz yaşlarını saxlaya bilmirlər. Qələbə hissinin yaratdığı duyğuları bir-birləri ilə paylaşan Sabirabadlılar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini böyük ehtiramla yad edir, qələbə sevincini yaşatdığına görə Ali  Baş Komandana və Müzəffər Azərbaycan ordusuna minnətdarlıqlarını bildirirlər. 30 ilin həsrəti nəhayət başa çatdı, müharibə bitdi. Qələbə bizimdir!

Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər hər bir azərbaycanlının uzun illər qulaqlarında səslənəcək: “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

Keçidlər