Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonunda müasir istixana kompleksinin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonumuzda müasir istixana kompleksinin açılışında iştirak etmişdir
Dövlətimizin başçısına məlumat verilmişdir ki, Sabirabad rayonunun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulmuş, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Kompleksdə ilkin olaraq faraş pomidor əkilməsinə başlanılmışdır. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaqdır.
Bildirilmişdir ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınmışdır.İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Layihələrin icrası nəticəsində 55 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Sonra Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, ötən il 1,2 milyon ton tərəvəz, o cümlədən 472 min ton pomidor, 210 min tondan çox xiyar istehsal olunmuşdur. Tərəvəz üzrə özünü təminetmə səviyyəsi 100 faizdir. Ötən il tərəvəz ixracı 2003-cü ilə nisbətən 4,7 dəfə artaraq 55 min tona, o cümlədən faraş pomidor ixracı 36 min tona, xiyar ixracı isə 13 min tona çatmışdır. Eyni zamanda dövlət tərəfindən 88 hektar ərazidə 148 istixanaya 52,3 milyon, o cümlədən 69 hektar ərazidə 27 müasir istixanaya 47,7 milyon manat güzəştli kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına müasir istixana komplekslərinin yaradılması bundan sonra da davam etdiriləcəkdir.
Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1228 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Dövlətimizin başçısı hazır məhsullara və gübrələrə baxmışdır.
Prezident İlham Əliyev istixana kompleksinin işçiləri ilə söhbət etmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.