Ermənistan iflas həddinə çatıb
Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.
50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd.
251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275.
61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106.
53 tank əleyhinə vasitə məhv edilib.
82 “Qrad” qurğusu məhv edilib.
2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb?
Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.
Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlanıdrınların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan çıxıram. Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir. Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar. Ermənistanda indiyədək hakimiyyətdə olan şəxslərin hərbi cinayətləri haqda yazılar davam etməli, Paşinyanın qeyri-adekvatlığı göstərilməlidir. Qərb mediasının isə erməni lobbisinin islamofobiya və türkofobiya təbliğ edən dairələrin əlində alət olması, indiyədək Qərbin yüksək media standartları haqda deyilənlərin puç olmasını sübuta yetdiyi qeyd olunmalıdır.
F-16-lar təlimlər üçün gəlib və müharibə başlayanda türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər.
Azərbaycan tərəfi bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq.
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Kimin günahı var, o cavab verir və Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı.
Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları unutmayacaq. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər.
Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.
Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz güclüyük.
Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz.
Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq.
Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik.
Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.