Şriftin ölçüsü :

Saytın rəngi :

Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib.

29 oktyabr 2020 | 16:00

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır.

28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız. Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan  Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. 

Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni  ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir. 

Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.

Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv   ölkələrə böyük təzyiqlər edərək yeni sənəd  qəbul olunmasına çalışıb. Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub.  Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər.Bütün başqa məsələlərdə  maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur. 

Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə   qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər  ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.

Keçidlər