Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir

28 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub.

Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, - buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər.

Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib. Azərbaycan onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə edilmir. Bu, yanlış məlumatdır.

Bu, dezinformasiyadır. Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb.

Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə.

Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.

Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir.

Azərbaycan 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var.

ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb.

Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər.

Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.

Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

Əks halda Azərbaycan 17 il ərzində danışıqlarda iştirak etməzdi. Əgər müharibəyə Azərbaycan başlayıbsa, niyə 17 il gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir.

Azərbaycan arzu edir ki, hərbi həll bu gün dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.

Münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin müdaxilə etməsinə qarşıdır.

Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar.

Keçidlər