Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 26-də Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələr barədə ətraflı danışaraq bildirmişdir ki, Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər.
Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi.
Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər.
Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi.
Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib.
Azərbaycan informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.
Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.
Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyidir. Onlar dayanmasa torpaqların azad olunması davam edəcək.
Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar.
Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var.
İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçmişdir. Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.
ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik.
Azərbaycan bu gün dayanmağa hazırdır. Bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyir. Problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Danışıqlar masasına keçmək istəyirik.
Oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra Ermənistan onu pozdu. Ona görə də, əgər onlar bu gün dayansalar, Azərbaycan dayanar və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, Azərbaycan işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcək.
Ermənistan indi dayansa və konstruktiv davransa, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə, onda əlbəttə hər şey dayanar və geri danışıqlar masasına qayıdarıq. Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar.
Azərbaycan dəfələrlə açıq şəkildə ifadə edib, həmçinin vasitəçilər, Ermənistan hökumətinə Azərbaycanın gələcəyi necə görməsi ilə bağlı müəyyən mesajlar veriblər. Azərbaycanda yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin Azərbaycanda işsizlik səviyyəsi çox aşağıdır.
Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. Heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar.
Münaqişə Ermənistandakı millətçilər tərəfindən Dağlıq Qarabağdakı separatçıların Azərbaycandan ayrılmaq planlarını dəstəklədikdən və maliyyələşdirdikdən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə məruz qaldı.
Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi.
Ermənistanın sabiq Prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar.