Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürülməlidir

24 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub.

Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürülməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə.

Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır.

Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.

Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.

Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir.

Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır.

Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir.

Keçidlər