Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur

24 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində aşağıdakı fikirləri səsləndirmişdir.

Azərbaycan iqtisadiyyatının  şaxələndirmə proqramı çox uğurla icra olunur. Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi.

Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanılıb.

Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikilib. Yeri gəlmişkən, Azərbaycan həm də elektrik enerjisini ixrac edir. Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik.

Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq.

TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana heç bir hadisə baş verməyib.

Kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib və Baş Nazir olub.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır.

Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir.

İki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay bundan əvvəl etmişdi. Normal dialoqa ehtiyac var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyac var. İndi 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Siyasi dialoqun çox aktiv fazasındayıq.

Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat.

Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə hökuməti tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar.

Sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqətidir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Xalqa elan olundu ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Bu, müvəqqəti səciyyə daşıyır.

 Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Ölkədə internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir.

Sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Bir-birimizi dəstəkləyirik, yaxşı qonşu və dostuq. Baxın, birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr.

Ermənistanın Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarını gündəmə gətirmək üçün gərək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir.

Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda.

Azərbaycanın əhalisi artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ dezinformasiya idi. Onların ordusu qaçır. Azərbaycan ordusu onları məğlub edir.

Keçidlər