Qarabağ torpaqlarına həyat qayıdacaqdır
Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir.
Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır.
Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur. Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib. Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.
Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.