Azərbaycan ordusu üstünlüyü birmənalı olaraq qoruyur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın "TASS" informasiya agentliyinə videomüsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib.
36 tankı qənimət götürülüb, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar Azərbaycanın əsgərləri və zabitləridir.
Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən səfərbərlik elan edilib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin.
İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir.
Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir.
Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatda var.
Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir.
Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi.
Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb.
Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar.
Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi.
Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər;
İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib.
Paşinyan Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir.
Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür.
Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.