Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu qələbə salnaməsi yazır

20 oktyabr 2020 | 16:00

Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir.

Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi.

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir.

Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısı: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.

Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.

Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.

Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır.

İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.

Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir.

Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir.

Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.

Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.

Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.

Keçidlər