Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir
Ermənistan yeni əraziləri işğal etməyə hazırlaşırdı. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı.
Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Ermənistan ordusunun itkiləri çoxdur. Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək. Hərbi əməliyyatlar uğurla davam edir.
Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.
Azərbaycanda xaricdən gələn muzdlular yoxdur. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur.
Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur