Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib
“Humanitar atəşkəs sülh demək deyil. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir”. Bu fikirləri 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibəsində söyləyib. Ermənistanın hətta humanitar atəşkəs razılaşmasına əməl etməməsinə diqqət çəkən dövlətimizin başçısı bildirib ki, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edirlər. Dünya bunu təkrar gördü. Yeri gəlmişkən qeyd edilməlidir ki, Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Eyni zamanda danışıqların formatı dəyişilməz qalır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
Daha sonra qardaş Türkiyənin rolunun əvəzolunmazlığından söz açan Prezident İlham Əliyev bildirib ki, münaqişənin siyasi yol ilə həll olunmasında rəsmi Ankara fəal rol oynamalıdır:“Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir”.
Azərbaycanın uğurlu hərbi əməliyyatlarından sonra status-kvonun dəyişilməsi artıq bir faktdır. “Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Bu, münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir” – deyən dövlətimizin başçısının sözlərinə görə, ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. “Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır”– deyən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Ermənilərin faşist əməllərini dünya görməlidir.
Daha sonra ermənilərin faşist əməllərindən söz açan Prezident İlham Əliyev deyib ki, bu əməlləri bütün dünya görməlidir. “Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar erməni xislətini dünyaya göstərir. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir. Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır”. Erməni diasporuna qarşı mübarizə apardığımızı qeyd edən dövlətimizin başçısının sözlərinə görə, biz illərdirxaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Prezident Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Ermənistan öz acısını dinc əhalidən çıxarmağa çalışır
Azərbaycanın atəşkəsə razılıq verməsindən danışan dövlətimizin başçısının sözlərinə görə, atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U”raketi ilə atəşə tutulmuşdur. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir. Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Erməni əsgəri bizim torpaqdan çıxarsa, münaqişə də bitər.
Bu gün Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.
Daha sonra beynəlxalq aləmdən elə bir gözləntilərimizin olmamasından danışan dövlətimizin başçısı qeyd edib ki, illər boyu beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. “Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi. Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik” – deyə Prezident İlham Əliyev nitqinə əlavə edib.