Ermənistanı sülh yalvarışlarına aparan səbəblər
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün Azərbaycan ordusunun son günlərdə atdığı qətiyyətli addımlarla bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Ermənistan ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır. Aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı – artıq heç kəs daim Azərbaycan ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə köçmək haqda düşünməyəcək. Qarabağı tərk edən ermənilərin əksəriyyəti bir daha geri dönməyəcək. Hər an hərbi əməliyyatların bərpa olun biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək. Ermənistanın və diasporanın işğal olunmuş ərazilərə qoyduğu investisiyalar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı. Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir. Bu gün danışıqlar prosesində status-kvo, cəbhədə təmas xətti kimi anlayışlar yoxdur. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi. Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır. Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.