Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib

05 oktyabr 2020 | 16:00

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib.

Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.

Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır.

Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.

Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq.

Keçidlər