Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüş keçiriblər

02 oktyabr 2020 | 16:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı aşağıdakı fikirləri səsləndirmişdir. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.

 Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır.

Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır.

Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqı öz dövlətin ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var. Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər.  Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir. 

Keçidlər