Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

30 avqust 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonumuza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verilmişdir. Bildirilmişdir ki, yenidənqurma işləri çərçivəsində parkın ərazisi 1,5 hektar genişləndirilərək 4 hektara çatdırılmışdır. Müasir səviyyədə qurulan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır. Burada xüsusi dörd guşə tikilmiş, oturacaqlar qoyulmuş, diametri 42 metr olan musiqili fəvvarə yenidən qurulmuş, geniş yaşıllaşdırma işləri görülmüş, drenaj sistemi yaradılmışdır. Parkda 5 min nəfərlik konsert meydanı və attraksionların quraşdırıldığı sahə vardır.
Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxmışdır.
Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsmişdir.
Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların ümummilli liderin xatirəsinə ehtiramını nümayiş etdirir.
Diqqətə çatdırılmışdır ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılmışdır. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə  təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin Sabirabad və rayon sakinləri haqqında  fikirlərinin əks olunduğu  stendlər quraşdırılmışdır. Buradakı ekspozisiya zalında fotolar və ulu öndərin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında  dahi şəxsiyyətin  müxtəlif dövrlərdə çəkilmiş  fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə  ümummilli liderin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. «Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər» bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer almışdır. Bu fotolar bir daha sübut edir ki, ümummilli lider Azərbaycan rəhbərliyinin bütün dövrlərində Sabirabadın da inkişafına xüsusi diqqət göstərmişdir. Ulu öndərin Sabirabada 15 dəfə səfər etməsi bunun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin rayondakı müxtəlif obyektlərin açılışlarında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri sabirabadlıların xatirində dərin izlər buraxmışdır.
Mərkəzdəki «Azərbaycan dövlətçiliyi tarixi kabineti» də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılmışdır.
Ekspozisiya zalında Prezident İlham Əliyevin Sabirabada səfərləri və siyasi fəaliyyəti əks olunan fotoguşə də vardır.
Bildirilmişdir ki, Mərkəzdə səyyar sərgi zalı fəaliyyət göstərəcəkdir. Burada rayonun rəssamları əsərlərini sərgiləyəcəklər. Mərkəzin 330 yerlik böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar gunlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Zal bütün zəruri avadanlıqla təchiz edilmişdir. Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirmişdir.

Keçidlər